Azərbaycan Dili və Əlifbası Günü — Azərbaycanda qeyd olunan milli bayram. Bayram günü hər il 1 avqustda qeyd olunur. Rəsmi dövlət bayramı sayılsa da, istirahət günü siyahısına daxil deyil.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlandı. Belə qərarlardan biri əlifba ilə bağlı oldu. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı. Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.





